Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü və Qlobal Fondun dəstəyi ilə 2025-ci ilin təlim proqramı çərçivəsində “Azərbaycanda İİV/QİÇS-lə mübarizədə ilkin səhiyyə xidmətinin rolu” mövzusunda növbəti təlim keçirilib. Təlimdə Bakı şəhəri üzrə poliklinikaların rəhbər heyəti iştirak edib.
Tədbirdə öncə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) direktoru Famil Məmmədovun “Azərbaycanda İİV epidemiyası ilə bağlı mövcud vəziyyət və həyata keçirilən tədbirlər” adlı təqdimatı dinlənilib. Dünyada və Azərbaycandakı mövcud epidemioloji vəziyyəti təhlil edən F.Məmmədov qeyd edib ki, İİV infeksiyası ilə kompleks mübarizə işinin əhəmiyyətli hissəsi əhalinin maarifləndirilməsi, o cümlədən tibb personalının bu istiqamətdə biliklərinin təkmilləşdirilməsidir. Davamlı olaraq belə təlimlərin keçirilməsində məqsədimiz İİV infeksiyasının yayılmasının qarşısını almaqdır.
İştirakçılara İİV/QİÇS-in yoluxma yolları, yayılması, profilaktik proqramların vacibliyi barədə də məlumat verilib. RQMM-nin mütəxəssislərinin İİV infeksiyası və İİV indikator xəstəliklərin idarə olunmasında müasir yanaşmalar, İİV/QİÇS-lə mübarizədə profilaktik tədbirlər – təmasdan öncə və sonra profilaktika, İİV-lə yaşayan insanlara qarşı stiqmanın aradan qaldırılması mövzularında xüsusi hazırlanmış təqdimatları maraqla qarşılanıb. İnteraktiv müzakirələr aparılıb.
Sonda iştirakçılarla xatirə şəkili çəkdirilib, onlara sertifikatlar təqdim edilib.
