Azərbaycan Səhiyyə Nazirliyinin, Ölkə Əlaqələndirmə Komissiyasının və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşkilatçılığı ilə 1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş konfrans keçirilib.
Açılış mərasimində çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov bildirib ki, QİÇS təhlükəli ölümlə nəticələnə bilən pandemik infeksion xəstəlikdir. Hazırda dünyada 38-39 milyon insan İİV-lə yaşayır. Dünyada elə bir ölkə yoxdur ki, orada İİV virusu olmasın.

Nazir müavini qeyd edib ki, xəstəliyin aşkarlandığı 40 il ərzində onun diaqnostikası, müalicəsi və profilaktikasında böyük nailiyyətlər əldə olunub: “Əgər əvvəllər QİÇS-in effektiv müalicəsi yox idisə, diaqnostikası bahalı və uzun müddət tələb edən prosedur idisə, o zamanlar QİÇS-dən əziyyət çəkən, o cümlədən İİV aşkarlanan xəstə sanki təxirə salınmış ölüm hökmünə məhkum olunurdusa, bu gün həmin virusun sürətli aşkarlanmasının ucuz müayinə üsulları mövcuddur. Bunun əsasında qurulmuş skrininq müayinələr aparılır, bundan başqa, QİÇS-in effektiv müalicə üsulu var. Müasir müalicə üsulları, dərmanlarla İİV olan şəxslərdə həmin virusun orqanizmdə səviyyəsini çox aşağı səviyyəyə endirmək mümkündür. Nəticədə bu virus həmin şəxsdə hətta müayinə üsulları ilə tapılmır. Həmçinin başqa insan üçün yoluxduruculuq qabiliyyəti olmur. Bu, böyük bir nailiyyətdir. Lakin hələlik QİÇS-in sağalma ilə nəticələnən müalicəsi yoxdur”.
N.Zeynalov vurğulayıb ki, ölkəmizdə isə bu xəstəliklə bağlı epidemioloji vəziyyət xeyli yaxşıdır. Amma bu bizi arxayın etməməlidir. Çünki virusu tamamilə yox etmək yolu yoxdur. Bu xəstəliklə bağlı tibbi məsələlər müəyyən qədər həll olunsa da, stiqma və diskriminasiya kimi sosial məsələlər hələ də həll olunmayıb. Dünyadakı bütün QİÇS-ə yoluxmuş insanlar bu problemlərlə üzləşir. QİÇS cəmiyyət tərəfindən qəbul olunmur. Digər insanlar QİÇS-ə yoluxmuş insanlardan çəkinir. Bu da müəyyən problemlərə gətirib çıxarır. İnanıram ki, gələcəkdə bu xəstəliyə qarşı ya peyvənd, ya da daha effektiv müalicə üsulu tapılacaq. Bunun üçün nə qədər çox çalışsaq, bu işi addım-addım yerinə yetirə bilərik.

Tədbirdə “Ölkədə İİV/QİÇS-lə bağlı cari vəziyyət və qarşıda duran hədəflər” adlı təqdimatla RQMM-nin direktoru Famil Məmmədov çıxış edib. F.Məmmədov bildirib ki, Dünyada İİV/QİÇS-ə qarşı aparılan mübarizəyə baxmayaraq, onun Şərqi Avropa və Mərkəzi Asiya regionunda yayılması davam etməkdədir. Azərbaycanda bu infeksiya əsasən yoluxmağa yüksək riskli qruplar arasında yayılıb:
“Risk qrupları arasında aparılan məqsədli fəaliyyət Səhiyyə Nazirliyinin daim dəstəyi sayəsində İİV infeksiyasının yayılmasını illər boyu məhdud mərhələdə saxlamağa imkan verir. RQMM əhali, xüsusilə də gənclər arasında təbliğat və maarifləndirmə işlərini diqqət mərkəzində saxlayır. Bu məqsədlə mərkəz və regional laboratoriyaların tibb işçilərinin bacarıqlarının artırılması üçün təlimlər keçirilir”.
Öz çıxışında mərkəzin direktoru həmçinin statistik məlumat verib. Onun sözlərinə görə, cari ilin 11 ayı ərzində İİV-ə yeni yoluxma hallarının sayı 1130 təşkil edib:
“Onlardan 1109 nəfəri Azərbaycan vətəndaşıdır. İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarının 74,3 faizi kişi, 25,7 faizi qadındır”.
TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva hazırda İİV/QİÇS-lə bağlı ən böyük problemin stiqma və diskriminasiya olduğunu diqqətə çatdırıb: “Müalicə istiqamətində biz hələ də bu problemləri yaşayırıq. Stiqma və diskriminasiya ilə mübarizədə maariflənmənin rolu çox böyükdür. Maarifləndirmə dedikdə daha çox əhalini nəzərdə tuturuq. Əsas məsələ odur ki, tibb müəssisələrində tibb işçiləri, hətta həkimlər arasında İİV/QİÇS-lə bağlı ciddi maarifləndirməyə ehtiyac var. Bu istiqamətdə QİÇS-lə Mübarizə Mərkəzi ilə əməkdaşlıq edirik. Biz TƏBİB olaraq tibb müəssisələrində infeksion nəzarətin qurulması istiqamətində son beş il ərzində çox böyük işlər görmüşük. İnfeksion nəzarət sisteminin qurulması təkcə İİV deyil, digər infeksion xəstəliklərin də yayılmasının qarşısının alınmasında çox böyük bir sistemdir”.
Tədbirdə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin üzvləri, deputatlar – Soltan Məmmədov, Müşfiq Məmmədli və Pərvanə Vəliyeva səhiyyə sahəsinə ayrılan büdcə, QİÇS-lə bağlı qanunvericilik, xəstəliklə mübarizədə aparılan düzgün strategiyadan bəhs edib, beynəlxalq təcrübə və tövsiyələrə əsaslanan tədbirlərin, görülən işlərin öz müsbət nəticəsini verdiyini diqqətə çatdırıblar. Bildirilib ki, region ölkələrinə bir nümunə olan Azərbaycanda QİÇS-lə bağlı epidemioloji vəziyyət başqa ölkələrdən fərqli olaraq daha yaxşıdır.
Daha sonra Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova İİV infeksiyası ilə bağlı mobil tətbiqin təqdimatını edib. AIDS-lə Mübarizə İctimai Birliyinin sədri Nofəl Şərifovun “Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının İİV/QİÇS-lə mübarizədə rolu” mövzusunda məruzəsi dinlənilib.
Konfrans daha sonra öz işini müzakirələrlə davam etdirib.



