05 Oktyabr 2024 | 00:23
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

                                        Uşaqların icbari dispanserizasiyası haqqında
                                      AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə

əsasən uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsinin təşkilatihüquqi əsaslarını,

uşaqlar arasında aparılan müalicə-profilaktika tədbirlərini müəyyən edir və bu sahədə yaranan

münasibətləri tənzimləyir.

                                                                  1-ci fəsil
                                                    ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. uşaqların dispanserizasiyası – uşaqların sağlamlığının qorunması, normal fiziki
inkişafının təmin edilməsi və xəstəliyin ilkin mərhələdə aşkar edilməsi məqsədilə kompleks
profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərdən ibarət olan aktiv dinamik
müşahidə sistemi;
1.1.2. müalicə-sağlamlaşdırıcı tədbirlər – uşaqların sağlamlığının
möhkəmləndirilməsini təmin edən müalicə və reabilitasiya;
1.1.3. uşaqlara illik profilaktik baxış – uşaqların hər il bir və ya bir neçə ixtisas üzrə
mütəxəssislər tərəfindən aktiv tibbi müayinəsi;
1.1.4. müşahidə ili – təqvim ili ərzində dispanserizasiya üçün uçota alınmış uşaqlara
münasibətdə dispanserizasiya tədbirlərinin həyata keçirildiyi zaman kəsiyi;
1.1.5. skrininq müayinəsi – uşaqlar arasında xəstələnmə riski və patologiyası olanların
erkən aşkar edilməsi məqsədilə aparılan xüsusi diaqnostik tədqiqatlar.
Maddə 2. Uşaqların icbari dispanserizasiyası haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi
Uşaqların icbari dispanserizasiyası haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, “Əhalinin
sağlamlığının qorunması haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan
Respublikasının qanunlarından, digər normativ hüquqi aktlardan və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Maddə 3. Uşaqların icbari dispanserizasiyasının məqsədi
Uşaqların icbari dispanserizasiyasının məqsədi uşaqların sağlamlığının qorunması və
möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, uşaqlar arasında
xəstələnmə, sağlamlıq imkanları məhdudluğunun və ölümün səviyyəsinin azaldılması və
uşaqların xəstəliklərdən qorunmasıdır.
Maddə 4. Uşaqların icbari dispanserizasiyasının əsas prinsipləri
4.1. Uşaqların icbari dispanserizasiyasının əsas prinsipləri aşağıdakılardır:
4.1.1. qanunçuluq, insan və vətəndaş hüquqlarına və azadlıqlarına riayət və hörmət
edilməsi;
4.1.2. uşaqların icbari dispanserizasiyasının planlı, kompleks və sistemli həyata
keçirilməsi;
4.1.3. uşaqların sağlamlıq vəziyyətindən asılı olaraq müalicə-sağlamlaşdırıcı
tədbirlərin seçilməsi;
4.1.4. icbari dispanserizasiyanın bütün uşaqlar üçün mümkünlüyü.
Maddə 5. Uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi sahəsində
dövlətin vəzifələri
5.1. Dispanserizasiyanın həyata keçirilməsi sahəsində dövlətin vəzifələri
aşağıdakılardan ibarətdir:
5.1.1. uşaqların sağlamlığının qorunması sahəsində dövlət siyasətinin əsaslarının
müəyyən edilməsi;
5.1.2. dispanserizasiya tədbirlərinin həyata keçirilməsi qaydasının müəyyən edilməsi;
5.1.3. dispanserizasiya tədbirlərinin maliyyələşdirilməsi;
5.1.4. uşaqlara keyfiyyətli tibbi-sosial yardımın göstərilməsinə təminat verilməsi;
5.1.5. dispanserizasiyanın nəticələrinin təhlili əsasında müalicə-sağlamlaşdırıcı
tədbirlərinin vaxtında həyata keçirilməsi;
5.1.6. illik baxışlar və zəruri müayinələr keçirməklə dispanser müşahidənin
keyfiyyətinin yüksəldilməsi;
5.1.7. hər uşaqla bağlı aparılmış müayinə və müalicə-sağlamlaşdırıcı tədbirlərinin
qeydiyyatının aparılması;
5.1.8. uşaqlarda patologiyaların və digər pozuntuların erkən mərhələdə aşkar edilməsi;
5.1.9. dispanserizasiya barəsində maarifləndirmə işinin təşkili.
Maddə 6. Uşaqların icbari dispanserizasiyası sahəsində dövlət təminatlı yardım
tədbirləri
6.1. Uşaqların icbari dispanserizasiyasını həyata keçirmək məqsədilə dövlət
aşağıdakılara təminat verir:
6.1.1. dispanserizasiyadan keçiriləcək uşaqlara tibbi xidmətin həcmi və keyfiyyət
standartlarının (beynəlxalq tələblərə uyğun) təsdiq edilməsinə;
6.1.2. dispanserizasiyadan keçiriləcək uşaqların registrinin yaradılması və onun
aparılmasına;
6.1.3. hər il uşaqların sağlamlıq vəziyyətinin müəyyən edilməsi və
qiymətləndirilməsinə;
6.1.4. uşaqlar arasında xəstəliklərin səbəblərinin erkən aşkar edilməsi və onların
aradan qaldırılması üzrə sosial, sanitariya-gigiyena, epidemiya əleyhinə və müalicəsağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsinə;
6.1.5. xəstəliklərin nozoloji formalarına tutulmuş uşaqların dispanser qeydiyyatına
alınmasına;
6.1.6. uşaqlara dispanser xidmətinin göstərilməsində dar ixtisaslar üzrə
mütəxəssislərin iştirakının təmin edilməsinə;
6.1.7. uşaqların dispanserizasiyası zamanı uçot və qeydiyyat işinin lazımi səviyyədə
aparılmasına;
6.1.8. xəstələnmə riski olan uşaqların müalicə-diaqnostika yardımına olan tələbatının
təmin edilməsi məqsədilə iqtisadi, hüquqi və təşkilati tədbirlərin həyata keçirilməsinə;
6.1.9. xəstə və xəstələnmə riski olan uşaqların tibbi-sosial müəssisələrdə
yerləşdirilməsinə, eləcə də onların tibb müəssisəsinin göndərişi əsasında sanatoriya-kurort
müalicəsinin təşkilinə;
6.1.10. uşaqlar arasında xəstəliklərin profilaktikası və onların fəsadları ilə mübarizə
sahəsində beynəlxalq əməkdaşlığa şərait yaradılmasına.
2-ci fəsil
UŞAQLARIN İCBARİ DİSPANSERİZASİYASININ TƏŞKİLİ
Maddə 7. Uşaqların icbari dispanserizasiyasının planlaşdırılması və həyata
keçirilməsi
7.1. Uşaqların icbari dispanserizasiyası onların yaşı və sağlamlıq vəziyyəti nəzərə
alınaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata
keçirilir. Bu qaydalar valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqların, sosial təhlükəli vəziyyətdə olan uşaqların, sağlamlıq imkanları məhdud
uşaqların, cəzaçəkmə müəssisələrində olan uşaqların icbari dispanserizasiyasını da əhatə
edir.
7.2. Dispanserizasiyadan keçiriləcək uşaqlar həcmi və keyfiyyət standartları müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tibbi yardımla təmin olunurlar.
7.3. Uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsinə müvafiq icra
hakimiyyəti orqanı tərəfindən dövlət nəzarəti təmin olunur.
7.4. Uşaqların icbari dispanserizasiyası zamanı müayinələrin və baxış keçirəcək
ixtisaslı mütəxəssislərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
7.5. Uşaqların icbari dispanserizasiyasının planlaşdırılması məqsədilə müvafiq icra
hakimiyyəti orqanı dispanserizasiyadan keçiriləcək və dispanserizasiyadan keçmiş
uşaqların uçotunu aparır. Uşaqların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
7.6. Xəstə və xəstələnmə riski olan uşaqlara müalicə-sağlamlaşdırıcı tədbirlər müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir.
7.7. Uşaqların icbari dispanserizasiyası onların qanuni nümayəndələrinin razılığı ilə
aparılır.
7.8. Dispanserizasiyanın nəticələri əsasında uşaqlar müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi sağlamlıq qrupları üzrə bölüşdürülür. Xəstə və xəstələnmə riski
olan uşaqlar dispanser qeydiyyatına götürülür və müalicə üçün təyinat alırlar, eləcə də hər
bir uşaq üçün fərdi sağlamlaşdırma və reabilitasiya proqramı tərtib edilir.
Maddə 8. İcbari dispanserizasiyanın təqvimi
8.1. İcbari dispanserizasiyanın həyata keçirilməsi müddətləri müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş dispanserizasiya təqvimində müəyyən olunur.
8.2. İcbari dispanserizasiya tədbirləri təqvimə uyğun olaraq müşahidə ili ərzində
Azərbaycan Respublikasının vətəndaşlarını, Azərbaycan Respublikasında daimi yaşayan
vətəndaşlığı olmayan şəxsləri və əcnəbiləri əhatə edir.
Maddə 9. İcbari dispanserizasiyadan keçmiş uşaqların registri
9.1. İcbari dispanserizasiyadan keçmiş uşaqların registri uşaqların sağlamlıq vəziyyəti
və müalicə-profilaktika tədbirlərinin səmərəliliyi haqqında tam məlumat almaq məqsədilə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır. İcbari dispanserizasiyadan keçmiş
uşaqların registri kağız üzərində və elektron daşıyıcılarında aparılır.
9.2. İcbari dispanserizasiyadan keçmiş uşaqların registrində uşağın şəxsiyyəti,
dispanserizasiyanın nəticələri və sağlamlıq vəziyyəti barədə qısa məlumat, aldığı tibbi
yardımlar haqqında göstərişlər qeyd olunur, hər bir uşaq üçün xüsusi kart doldurulur və bu
kart ümumi məlumat bankına daxil edilir.
Maddə 10. İcbari dispanserizasiya tədbirlərinin maliyyələşdirilməsi
10.1. Uşaqlara dövlət tibb müəssisələrində icbari dispanser xidmətinin göstərilməsi
dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Dispanserizasiya tədbirlərinin
maliyyələşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
10.2. İcbari dispanserizasiya tədbirləri bələdiyyə və icbari tibbi sığorta vəsaitləri,
hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericiliklə nəzərdə tutulan digər vəsaitlər
hesabına da həyata keçirilə bilər.
Maddə 11. Uşaqların icbari dispanserizasiyası tədbirləri
11.1. Uşaqların icbari dispanserizasiyası tədbirləri aşağıdakılardır:
11.1.1. uşaqların hər il tibbi baxışdan keçirilməsi (laborator, instrumental və skrininq
müayinələr də daxil olmaqla);
11.1.2. müasir diaqnostika metodlarından istifadə etməklə ehtiyacı olanların
müayinəsinin davam etdirilməsi;
11.1.3. uşaqların sağlamlıq vəziyyətinin müəyyən edilməsi və fərdi qaydada
qiymətləndirilməsi;
11.1.4. sağlam, xəstə və xəstələnmə riski olan uşaqların bir-birindən ayrı müşahidə
edilməsi;
11.1.5. xəstə və xəstələnmə riski olan uşaqlar arasında müalicə-sağlamlaşdırıcı
tədbirlərin həyata keçirilməsi;
11.1.6. tibbi və sosial tədbirlər kompleksinin hazırlanması və həyata keçirilməsi, habelə
uşaqların sağlamlıq vəziyyətinin dinamik müşahidəsi;
11.1.7. xəstəliklərin nozoloji formasından asılı olaraq uşaqların dispanser nəzarətinə
götürülməsi.
Maddə 12. İcbari dispanserizasiya sahəsində maarifləndirmə
12.1. Dövlət əhali arasında uşaqların icbari dispanserizasiyası barəsində
maarifləndirməni həyata keçirir.
12.2. Təhsil müəssisələri şagirdlər arasında dispanserizasiya barəsində maarifləndirmə
işini təşkil edir.
12.3. Dövlət kütləvi informasiya vasitələrindən istifadə etməklə əhalinin, xüsusilə də
valideynlərin, dispanserizasiyanın məqsəd və vəzifələri, onun həyata keçirilməsi qaydası və
əhəmiyyəti barəsində məlumatlandırılması üçün tədbirlər görür.
Maddə 13. İcbari dispanserizasiyadan keçiriləcək uşaqların və onların qanuni
nümayəndələrinin hüquqları
13.1. İcbari dispanserizasiyadan keçiriləcək uşaqların və onların qanuni
nümayəndələrinin aşağıdakı hüquqları vardır:
13.1.1. bu Qanunla müəyyən edilmiş qaydada dispanserizasiyadan keçmək;
13.1.2. dispanserizasiyanın nəticələrindən asılı olaraq tibbi göstərişlər əsasında
ambulator, stasionar və ya sanatoriya-kurort şəraitində tibbi yardım almaq;
13.1.3. dispanserizasiyanın nəticələri, o cümlədən aparılmış müayinə-müalicə
tədbirləri, habelə sağlamlığının vəziyyəti haqqında tam və obyektiv məlumat almaq;
13.1.4. pozulmuş hüquqları barədə qanunla müəyyən edilmiş qaydada müvafiq
orqanlara və ya məhkəməyə müraciət etmək.
Maddə 14. İcbari dispanserizasiyadan keçiriləcək uşaqların qanuni
nümayəndələrinin vəzifələri
14.1. İcbari dispanserizasiyadan keçiriləcək uşaqların qanuni nümayəndələrinin
vəzifələri aşağıdakılardır:
14.1.1. dispanserizasiya ilə əlaqədar tibb işçilərinin göstərişlərini yerinə yetirmək;
14.1.2. həkimin çağırışı ilə uşağı aidiyyəti tibb müəssisəsinə gətirmək;
14.1.3. daimi yaşayış yerini dəyişdikdə uşağın uçota alınması üçün ərazi üzrə tibb
müəssisəsinə bir ay müddətində müraciət etmək;
[1]
14.1.4. uşağın icbari dispanserizasiyasından imtinanın səbəbini yazılı şəkildə
bildirmək.
3-cü fəsil
YEKUN MÜDDƏALAR
Maddə 15. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunu pozan hüquqi, fiziki və vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada
məsuliyyət daşıyırlar.
Maddə 16. Beynəlxalq əməkdaşlıq
Uşaqların icbari dispanserizasiyası sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən həyata keçirilir.

                                                                                                                     İlham ƏLİYEV

                                                                                Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 mart 2013-cü il
№ 591-IVQ

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 15 dekabr 2017-ci il tarixli 945-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
3 fevral 2018-ci il, № 25)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 15 dekabr 2017-ci il tarixli 945-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 3 fevral 2018-ci il, № 25) ilə 14.1.3-cü maddədə “dəyişdirdikdə bir ay müddətində ərazi üzrə tibb
müəssisəsində uçota alınmaq” sözləri “dəyişdikdə uşağın uçota alınması üçün ərazi üzrə tibb müəssisəsinə
bir ay müddətində müraciət etmək” sözləri ilə əvəz edilmişdir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun