Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) institutun yaranmasının 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi praktik konqres keçirilib. Tədbir Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin dəstəyi ilə təşkil olunub və ölkəmizin diplomdan sonrakı tibb təhsilinin inkişafında mühüm rol oynayan Ə.Əliyev adına ADHTİ-nin zəngin tarixinə, elmi tədris fəaliyyətinə və müasir nailiyyətlərinə həsr olunub.
Tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov və direktor müavini Günəş Cəfərova iştirak ediblər.
Tədbir çərçivəsində Mərkəzin direktoru Famil Məmmədov “Azərbaycanda İİV infeksiyasının epidemioloji aspektləri və həyata keçirilən əks-epidemik tədbirlər” mövzusunda məruzəsi dinlənilib. Çıxış zamanı ölkədə İİV infeksiyasının mövcud epidemioloji vəziyyəti, yayılma xüsusiyyətləri, profilaktika və nəzarət istiqamətində görülən tədbirlər, eləcə də səhiyyə sistemində bu sahədə həyata keçirilən məqsədyönlü fəaliyyətlər barədə ətraflı məlumat təqdim olunub.
90 illik şərəfli yolunu uğurla davam etdirən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kollektivini bu əlamətdar yubiley münasibətilə təbrik edir, gələcək fəaliyyətində yeni nailiyyətlər arzulayırıq.
