Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) İnsanın İmmunçatışmazlığı Virusu ilə bağlı növbəti maarifləndirmə aksiyası həyata keçirib. Tədbir Azərbaycan Peşəkar Futbol Liqasının dəstəyi ilə baş tutub. Futbol üzrə Azərbaycan kubokunun final görüşündə “Sabah” -“Zirə” futbol klublarının qarşılaşması zamanı, Palms Sport Arenaya toplaşan izləyicilər İİV/QİÇS-lə bağlı informasiya materialları ilə təmin ediliblər.
Oturacaqların üzərinə bukletlər düzülüb, Arenanın fan zonasında maarifləndirici bannerlər quraşdırılıb. İzləyicilər paylanan bukletlər vasitəsilə İİV-ə yoluxma yolları, risk faktorları, profilaktik tədbirlər və İİV-ə müayinənin vacibliyinə dair ətraflı məlumat əldə edib. Fan zonada azarkeşlərin sualları cavablandırıb. Final görüşü zamanı stadiondan oyunun şərhi zamanı, keçirilən aksiya barədə məlumat açıqlanıb, səsgücləndiricilərlə azarkeşlərə İİV barədə qısa məlumat verilib, bu virusla birgə mübarizənin və müayinənin əhəmiyyəti vurğulanıb.
Ümumillikdə aksiya 7045 nəfəri əhatə edib. Aksiyada RQMM əməkdaşları və könüllülər iştirak edib.
Qeyd edək ki, əhali arasında maarifləndirmə işləri RQMM-nin fəaliyyətinin bir hissəsidir. Bu sahədə davamlı tədbirlər həyata keçirilir, müxtəlif dövlət qurumları, özəl sektor, ictimai təşkilatlarla əməkdaşlıq qurulur. Məqsəd daha çox əhali qrupunun QİÇS-lə bağlı məlumatla təmin edilməsi, mövcud informasiya səviyyəsinin artırılması, müayinələrə cəlbetmənin təşviqi, davamlı və keyfiyyətli profilaktikanın həyata keçirilməsidir.

