Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü, Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin dəstəyi ilə Şirvan rayonundakı orta məktəblərin şagirdləri üçün “Sağlam gənclik – sağlam gələcək” adlı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərdə Şirvan şəhər 18 nömrəli təbiət, humanitar təmayüllü məktəb-liseyin, 10, 12, 13, 16, 20, 21 nömrəli tam orta məktəblərin müəllim və şagirdləri iştirak ediblər.
Məktəblilərə sağlam həyat tərzi təbliğ olunub, zərərli vərdişlərdən uzaq olmaları tövsiyyə edilib.
Tədbirlərdə çıxış edən RQMM-in mütəxəssisi Telman Məhərrəmov İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında ətraflı məlumat verib. Həkim gənclər arasında xəstəliyin yayılma təhlükəsini, virusdan qorunmağın yollarını xatırladıb, bu virusa yoluxmuş insanların immunitetinin kəskin zəifləməsi nəticəsində bir çox xəstəliklərə asanlıqla tutulduğunu diqqətə çatdırıb.
Şagirdlərə həmçinin İİV infeksiyasının diaqnostikası, müalicəsi və profilaktikası haqqında da məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Şagirdlərə virus və xəstəliklə bağlı zəruri məlumatların əks olunduğu bukletlər, broşurlar paylanıb.
