Cinsi yolla yoluxan xəstəliklər (CYYX) nədir?
CYYX – insandan insana əsasən cinsi yolla yoluxan xəstəliklər nəzərdə tutulur.
Yoluxma yolları
CYYX yoluxmanın əsas yolu cinsi əlaqədir (vaginal, oral, anal)
Bəzi CYYX qan vasitəsi ilə də yoluxa bilir.
CYYX-nin ilk əlamətləri?
Cinsiyyət üzvlərindən axıntı
Xoralar, qızartı, suluqlar
Cinsiyyət orqanları üzərində xırda çatların olması
Sidik ifrazı və cinsi əlaqə zamanı yanma və ağrı
CYYX-nin ilk əlamətlərinə qarşı nə etmək lazımdır?
İlkin əlamətləri gördükdə dərhal həkimə müraciət etmək və müayinədən keçmək lazımdır! Sizə CYYX diaqnozu qoyulubsa dərhal müvafiq müalicə almalısınız.
Sizin bütün cinsi partnyorlarınızı məlumatlandırmaq, müayinəyə yönəltmək və müalicə müddətində bütün cinsi əlaqələri dayandırmaq lazımdır!
CYYX-nin ilkin əlamətləri nə zaman özünü biruzə verir?
Cürbəcür infeksiyalarda ilkin yoluxma əlamətləri müxtəlif vaxtlarda (bəzi infeksiyalar əlaqədən dərhal sonra, bəzilərinin ilkin əlamətlərinin ortaya çıxması üçün aylar tələb olunur) özünü biruzə verə bilər.
Bəzi infeksiyalar simptomsuz (heç bir əlamət olmadan) inkişaf edə bilər.
CYYX-nin nəticələri
Bu infeksiyalar sidik cinsiyyət və reproduktiv sistem orqanlarının iltihabına səbəb olur, bu isə həm qadın, həm də kişi sonsuzluğu yarada bilər. CYYX yalnız cinsi yolla ötürülmür, hətta qanla və anadan yenidoğulmuş körpəyə də ötürülə bilər. Bəzi infeksiyalar hətta həyati təhlükə törədədər!
CYYX-nin diaqnostikası
Qan
Uşaqlıq yolunda yaxma
Sidik kanalından yaxma
Düz bağırsaqdan yaxma
CYYX-nin müalicəsi və onun əsas prinsipləri
- CYYX-nin diaqnostikası və müalicəsi ixtisaslaşmış klinikalarda və mütəxəssislər tərəfindən aparılmalıdır!
- Hər iki partnyor müalicə olunmalıdır.
- Qorunmamış cinsi əlaqə yolverilməzdir.
- Həkim məsləhətlərinə ciddi riayət edilməlidir.
- CYYX-nin müalicəsini mümkün qədər tez başlamaq lazımdır. Gecikmələr xəstəliyin ağırlaşmasına səbəb olur.
İİV/QİÇS nədir və ondan necə qorunmaq olar?
İİV insanda immunçatışmazlığı əmələ gətirən virusdur. Bildiyimiz kimi, insan orqanizmində istənilən xəstəliyə qarşı mübarizə aparmaq üçün bir qüvvə var. Bu, orqanizmin müqavimət qüvvəsidir. Məhs bu qüvvənin hesabına insan orqanizmi çoxsaylı xəstəliklərə, ətraf mühitin zərərli amillərinə qarşı davam gətirə bilir. İİV (İnsanın İmmunçatışmazlığı Virusu) isə bilavasitə orqanizmin müqavimət qüvvəsini məhv edərək, ən yüngül xəstəliklər qarşısında belə insanı aciz qoyur. İİV virusunun orqanizmin müqavimət qüvvəsini zəiflədərək məhv etdiyi dövrdə əmələ gələn vəziyyətə QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) deyirlər. Bu vəziyyətdə ən adi bir xəstəlik də çox ağır inkişaf edərək, insanı öldürə bilir.
İİV-in yoluxma yolları:
Cinsi yolla, Qan vasitəsilə, Anadan uşağa keçməklə
Virusdan necə qorunmaq olar?
Hər növ cinsi əlaqə zamanı qoruyucudan istifadə edin.
Nəzarət edin ki, sizə və ya yaxınlarınıza yoxlanılmamış qan və ya qan məhsulları köçürülməsin.
Diqqət edin ki, tibbi və kosmetik məqsədlərlə yalnız steril alətlərdən, şpris və iynələrdən istifadə olunsun.
Əgər venadaxili narkotiklərdən istifadə edirsinizsə, bunu təhlükəsiz yolla edin, həmişə steril şprislərdən istifadə edin. Heç vaxt başqaları ilə eyni şprisdən, qeyri-steril məhsullardan, qab və alətlərdən istifadə etməyin.
Nəzarət edin ki, salonda təraş, tatuaj, pirsinq, manikür və pedikür zamanı qeyri-steril ülgüc, iynə və alətlərdən istifadə olunmasın.
Başqaları ilə eyni ülgüc, diş fıçası və manikür ləvazimatlarından istifadə etməyin.
Körpənizə donor ana südü verməyə məcbursunuzsa, mütləq İİV-ə yoxlanmış donorun südünü verin, əks halda körpəniz İİV-ə yoluxa bilər.
Qonoreya nədir?
Törədicisi: Qonokokdur. İnsan orqanizmindən kənarda, müvafiq olarsa, (yaş dəsmal, yaş süngər və s.) mikrob 24 saatadək yaşama qabiliyyətinə malikdir.
Yoluxma yolları: Əsasən cinsi əlaqə zamanı yoluxur. Bəzən qonoreya xəstələrinin yataqlarından, alt paltarlarından, dəsmallarından da yoluxma baş vere bilər.
Əlamətləri: İnkubasiya dövrü (mikrobun insan orqanizminə daxil olduğu andan xəstəliyin ilk əlamətlərinin üzə çıxdığı anadək olan müddət) bir neçə gündən bir neçə həftəyədək davam edə bilər. Qonoreyanın ilkin əlamətləri kişilərdə qadınlara nisbətən daha kəskin özünü biruzə verir. Sidik ifrazı zamanı yandırıcı ağrılar, qaşınmanın olması, cinsiyyət üzvü nahiyyəsindən əvvəl selikli, sonralar isə irinli, üfunətli ifrazatın olması xəstəliyin ilkin əlamətidir. Əgər vaxtında müalicəyə başlanılmazsa, əlamətlər daha da kəskinləşir və proses kişilərdə xaya və xaya artımlarına, qadınlarda isə uşaqlıq və uşaqlıq artımlarına sirayət edir. Bədən hərarətinin yüksəlməsi, xayalarda şişkinlik, ağrı, sidik ifrazının sonunda qan damcılarının olması, irinli və üfunətli ifrazatın miqdarının artması xəstəliyin ağırlaşma əlamətlərindəndir. Xəstəliyin ağırlaşması sonsuzluqla nəticələnir.
Müalicə: Qonoreya müalicəsi mümkün olan xəstəlikdir. Müalicəni yalnız həkim laborator analizlərin nəticəsinə əsasən aparmalıdır. Müalicə mütləq həkimin təyin etdiyi kurs və müddət ərzində aparılmalıdır, əks halda xəstəlik xroniki (gizli) formaya keçərək, daha ağır fəsadlar əmələ gətirə bilər.
Sifilis nədir?
Törədicisi: spiroxetadır. Törədici xəstənin qanında, spermasında və tüpürcəyində olur. Törədici insan orqanizminə ağız, uşaqlıq yolu, sidik kanalı vasitəsilə daxil ola bilir.
Yoluxma yolları: Sifilis cinsi yolla yoluxan xəstəlikdir.
Əlamətləri: Sifilisin insan orqanizmində inkişafı bir neçə dövrdə gedir: İnkubasiya dövrü (mikrobun insan orqanizminə daxil olduğu andan xəstəliyin ilk əlamətlərinin üzə çıxdığı anadək olan müddət). Birincili sifilis, ikincili sifilis, üçüncülü sifilis. Hər bir dövrün özünəməxsus əlamətləri var.
İnkubasiya dövrü: 8 gündən 190 günədək davam edə bilər. Xəstəliyin bu dövrünü əlamətsiz dövr adlandırırlar.
Birincili sifilis: Əsas əlaməti bərk şankrdır (yoluxma nahiyyəsində yara). Müəyyən müddətdən sonra bu əlamət özbaşına itir, anacaq bu heç də xəstəliyin sağalması demək deyil. Belə ki, əgər lazımı müalicə aparılmazsa, infeksiya orqanizmin bütün toxuma və orqanlarına qan vasitəsilə yayılır və xəstəlik öz növbəti ikincili sifilis mərhələsinə keçir.
İkincili sifilis: Bədənin müxtəlif nahiyyələrində müxtəlif səpgilərin və yaraların əmələ gəlməsi, saçların tökülməsi ilə xarakterizə olunur. Bu əlamətlər də özbaşına itə bilər. Müalicə başlanılmazsa, xəstəlik daha dərin və artıq geridönməz dəyışikliklər mərhələsinə keçir.
Üçüncülü sifilis: Dərinin, sümükələrin, qaraciyərin, ağciyərin, baş beyinin, gözlərin, ürəyin geridönməz qummoz zədələnməsi baş verir.
Sifilis çox ağır və yoluxucu xəstəlikdir. Xəstənin bədənində, cinsiyyət üzvləri nahiyyəsində heç bir əlamət olmadıqda belə yenə də başqalarını yoluxdura bilir. Sifilisdə özünü müalicə və ya ara müalicəsi yolverilməzdir. Bu xəstəliyin daha da ağırlaşmasına səbəb olur. Müalicə mütləq dəri-zöhrəvi həkimi tərəfindən aparılmalıdır.
Xlamidioz
Törədicisi: xlamidiya traxomatisdir. Yoluxması əsasən cinsi yolla olur.
Əlamətləri: İlkin əlamətləri 1-4 həftədən sonra üzə çıxır. Qarının aşağı hissəsində olan ağrılarla, sidik ifrazı zamanı yaranan diskomfortla, sidik kanalından qeyri-adı ifrazatla xarakterizə olunur. Lazımı müalicə aparılmadıqda xlamidioz aşağıdakı ağırlaşmalara gətirib çıxarır:
- sonsuzluq (həm kişi, həm qadın)
- usaqlıqdan kənar hamiləlik
- düşüklər, vaxtından qabaq doğuşlar
- göz, burun-udlaq nahiyyəsinin zədələnməsi
Müalicəsi: Xlamidioz müalicə olunan xəstəlikdir. Müalicəyə nə qədər tez başlanarsa, bir o qədər də effektiv olar. Müalicə mütləq həkim tərəfindən aparılmalıdır və hər iki partnyor müalicəyə mütləq cəlb olunmalıdır.
Qoruycu Cinsi Yolla Yoluxan Xəstəliklərdən,
İİV-dən və arzuolunmaz hamiləlikdən qoruyan
yeganə vasitədir.
Qoruyucudan istifadənin üstünlükləri
- Çox asandır.
- Onu bütün apteklərdən almaq olar.
- Etibarlıdır.
- Cinsi yolla keçən xəstəliklərdən qoruyur.
- Arzuolunmaz hamiləlikdən qoruyur.
- Psixoloji rahatlıq yaradır (imkan verir ki, partnyoru yaxşı tanıyıb-tanımamağınızdan asılı olamayaraq, əlaqəyə girməkdən qorxmayasınız)
- Cibdə və ya çantada daşımaq olar. İİV-ə yoluxmadan qoruyur.