29 Aprel 2024 | 00:20
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Azərbaycanda Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar konfrans keçirilib

Azərbaycanda Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar konfrans keçirilib

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • Azərbaycanda Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar konfrans keçirilib
Azərbaycanda Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar konfrans keçirilib

Azərbaycan Səhiyyə Nazirliyinin, Ölkə Əlaqələndirmə Komissiyasının və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşkilatçılığı ilə 1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar konfrans keçirilib.

Açılış mərasimində çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov QİÇS-in yoluxma tarixinə, yayılmasına diqqət çəkib. Bildirib ki, QİÇS epidemioloji xəstəlik kimi 40 ildir mövcuddur. Ötən müddətdə 40 milyon insan bu xəstəliyə tutulub. Gündə 3500 insan virusa yoluxur. Yoluxanların 9 milyonu heç bir müalicə qəbul etmir. Məlum sahədə ölkəmizdə vəziyyət qənaətbəxşdir. Bu o demək deyil ki, bizdə yoluxma yoxdur. Hökumətimiz bu sahəyə xüsusi qayğı göstərir. Müayinələr, müalicələr dövlət hesabına həyata keçirilir. Ümumdünya Səhiyyə Təşkilatı, Qlobal Fond bu işdə bizə dəstək verirlər.

Nazir müavini Ümumdünya QİÇS-lə Mübarizə Gününün builki şüarının “İcmaları önə çəkək!” olduğunu bildirib. Vurğulayıb ki, bu şüar həkimlərimizi, donorlarımızı birgə əməkdaşlığa, həmrəyliyə səsləyir. Birgə əməkdaşlıqla hədəflərə nail ola biləcəyik.

N.Zeynalov qeyd edib ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da bu xəstəlik sosial problemlər də doğurur. Bu sosial-ictimai problemlər virus daşıyıcıları olan şəxslərin stiqmatizasiyası ilə bağlıdır. Onların cəmiyyət tərəfindən qəbul olunmaması, diskriminasiyaya məruz qalması halları var. Tibbi məsələlər tədricən həll edildikcə, bu sosial problemlər ön plana çıxır. Bu sahədə böyük işlər görmək lazımdır.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov hazırda ölkəmizdə QİÇS-lə bağlı epidemioloji vəziyyətin tam nəzarət altında olduğunu vurğulayıb: “Təqdirəlayiq haldır ki, Azərbaycanda infeksiyaya yoluxma əsasən yüksək riskli qruplar arasında olur və uzun müddətdir ölkəmizdə bu virusun təmərküzləşmiş mərhələdə saxlanılmasına nail olunub”.

Tədbirdə “Ölkəmizdə QİÇS/İİV-lə bağlı cari vəziyyət və görüləcək işlər” adlı təqdimatla RQMM-in direktoru Famil Məmmədov çıxış edib. Bildirib ki, dünyada İİV/QİÇS-ə qarşı aparılan mübarizəyə baxmayaraq, onun xüsusən də, Şərqi Avropa və Mərkəzi Asiya (ŞAMA) regionunda yayılması davam etməkdədir. Azərbaycanda bu infeksiya  əsasən yoluxmaya yüksək riskli qruplar arasında yayılıb. Risk qrupları arasında aparılan məqsədli fəaliyyət Səhiyyə Nazirliyinin daim nəzarəti sayəsində İİV infeksiyasının yayılmasını məhdud, təmərküzləşmiş mərhələdə saxlamağa imkan verib. Aparılan əks epidemik tədbirlər nəticəsində ölkəmiz regionda ən az yayılma göstəricisi olan ölkədir.

Öz çıxışında Mərkəzin direktoru 2023-cü ilin 11 ayı ərzində 792 nəfərdə İİV-ə yeni yoluxma qeydə alındığını deyib: “Onlardan 761 nəfəri Azərbaycan vətəndaşı, 31 nəfəri isə əcnəbilərdir. Qeydiyyata alınmış 761 ölkə vətəndaşlarından 534-ü kişi, 211-i isə qadınlardır. Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edilidiyi 1987-ci ildən bu günədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 9167 İİV-lə yaşayan Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır. Onlardan 6357-si kişi, 2810-ü qadınlardır. 2023-cü ilin 11 ayının sonuna QİÇS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 2080  nəfər olub. 1987-ci ildən bu günədək İİV infeksiyasından 1400 nəfər Azərbaycan vətəndaşı dünyasını dəyişib”.

Konfransda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Rəfail Mehtiyev bu problemin əsasən risk qurupları arasında müşahidə olunduğunu bildirib: “Məhkumlar da risk qrupuna aiddir. Keçmiş Qarabağ ərazisində Azərbaycanın sərhədləri möhkəmlənəndən sonra narkotiklərlə mübarizə sahəsində aparılan işlər kəskin gücləndirəndən sonra bir balaca dəyişikliklər edildi. Xəstəliklərin sayında  artım oldu. 2021-ci ildən başlayaraq profilaktika həyata keçiririk. Məhkumlar arasında tibbi profilaktika geniş aparılır, hepatitlə müalicəyə cəlb olunublar”.

R.Mehtiyev qeyd edib ki, Penitensiar Xidmətdə İİV/QİÇS virusuna qarşı çox ciddi mübarizə aparılır, beynəlxalq təcrübənin və müasir müalicə metodlarının tətbiqi ilə bağlı yaranacaq problemlərin həlli istiqamətində zəruri addımlar atılır.

TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva isə vurğulayıb ki, TƏBİB QİÇS-lə mübarizənin hər mərhələsində sıx əməkdaşlıq edir. QİÇS-in aşkarlanmasında, xəstələrin müalicəyə cəlb olunmasında sıx əməkdaşlığa çalışırıq. Noyabr ayında artıq 3-cü dəfə TƏBİB-in tabeliyində olan tibb müəssisələrinə məktublar göndərilib. Məktublarda risk qruplarının müayinələrə cəlb olunması və bu müayinələrin mütləq Respublika QİÇS-lə Mübarizə Mərkəzində aparılması xatırladılıb.

Tədbirdə mövzu ilə əlaqəli digər təqdimatlar da dinlənilib. Çıxış edənlər ölkəmizdə QİÇS-lə mübarizə sahəsində hökumət və qeyri-dövlət təşkilatlarının əməkdaşlığının verəcəyi səmərəni xüsusi vurğulayıblar.

Konfrans daha sonra öz işini müzakirələrlə davam etdirib.

 

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun