07 Oktyabr 2024 | 08:56
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015- 2020-ci illər üçün Strategiya” təsdiq edilsin (əlavə olunur).
  2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi müəyyən edilsin.
  3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Strategiyanın icrasının gedişi barədə hər il üzrə növbəti ilin aprel ayının 1-dək Azərbaycan Respublikasının Prezidentinə hesabat təqdim etsin;

3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 dekabr 2015-ci il

No 1645

Azərbaycan Respublikası Prezidentinin

2015-ci il 23 dekabr tarixli 1645 nömrəli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün

STRATEGİYA

  1. Giriş

Qeyri-infeksion xəstəliklər (bundan sonra – QİX) xroniki gedişi və dərin ictimai-sosial mahiyyəti ilə xarakterizə edilən, yoluxucu olmayan xəstəliklər qrupuna aiddir. Tütündən istifadə, spirtli içkilərdən sui-istifadə, qeyri-sağlam qidalanma, fiziki passivlik kimi ümumi

 

risk amilləri nəticəsində yaranan QİX əksər ölkələrdə xəstəlik yükünün böyük hissəsinin və vaxtsız ölümlərin əsas səbəbidir. Bu xəstəliklər qrupunda 4 əsas patologiya üstünlük təşkil edir: ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər, xroniki obstruktiv ağciyər xəstəlikləri və şəkərli diabet.

Ümumdünya Səhiyyə Təşkilatının (bundan sonra – ÜST) məlumatına əsasən, dünya üzrə yoluxucu xəstəliklərdən ölənlərin sayının növbəti illərdə azalması gözlənildiyi halda, QİX-dən ölənlərin sayının 2030-cu ilədək artması proqnozlaşdırılır. Hesablamalara görə ürəyin işemik xəstəliyinin və beyin-damar xəstəliklərinin 80%-nə tütündən istifadə, spirtli içkilərdən sui-istifadə, qeyri-sağlam qidalanma və fiziki passivlik kimi davranış risk amilləri səbəb olur. Qeyd edilən risk amilləri dörd əsas metabolik və ya fizioloji dəyişikliyə gətirib çıxarır: yüksək qan təzyiqi, piylənmə ilə nəticələnən artıq bədən çəkisi, hiperqlikemiya (qanda şəkərin artması) və hiperlipidemiya (qanda piylərin artması). Artıq çəki və piylənmə də öz növbəsində qan təzyiqi, qanda xolesterol və triqliserid səviyyələrinə mənfi metabolik təsir göstərə bilər.

Dünyada hər il təxminən 6 milyon, o cümlədən tütün çəkən 5,4 milyon və tütün tüstüsünün təsirinə ikincili məruz qalan 600 min insan tütünlə bağlı səbəblərdən dünyasını dəyişir. Spirtli içkilərdən sui-istifadə nəticəsində il ərzində baş verən 3,3 milyon ölüm hadisəsinin yarısı məhz QİX ilə bağlıdır. Bununla yanaşı, dünyada hər il 3,2 milyon insan fiziki passivlik, o cümlədən təqribən 2,8 milyon insan artıq bədən çəkisi və ya piylənmə səbəbindən ölür.

Problemin həlli məqsədi ilə ÜST tərəfindən 2000-ci ildən başlayaraq bir neçə mühüm sənəd, o cümlədən QİX-in qarşısının alınması və onlara nəzarət üzrə Qlobal Strategiya qəbul olunmuşdur. ÜST-nin Avropa üzrə Regional Komitəsinin 2011-ci il sentyabrın 12-15-də Bakıda keçirilən 61-ci sessiyasında 2012-2016-cı illər üçün QİX-in qarşısının alınması və onlara nəzarət üzrə Avropa Strategiyasının icrasına dair Fəaliyyət Planı qəbul olunmuşdur.

2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının keçirdiyi yüksəksəviyyəli görüşdə qəbul edilmiş siyasi bəyannamədə bu təşkilatın üzvü olan ölkələrin üzərinə QİX-in qarşısının alınması və müalicəsi üçün milli çoxsahəli planların gücləndirilməsi məqsədi ilə genişmiqyaslı tədbirlər həyata keçirmək öhdəliyi qoyulmuşdur. Həmin siyasi bəyannaməni nəzərə alaraq, 2013-2020-ci illər üçün QİX-in qarşısının alınması və bu xəstəliklərə nəzarət üzrə ÜST-nin Qlobal Fəaliyyət Planı təsdiq edilmişdir.

2013-cü ilin dekabr ayında ÜST-nin Aşqabad şəhərində keçirilən və Avropa regionunda QİX-in qarşısının alınması və onlarla mübarizəyə həsr olunan konfransında “Sağlamlıq-2020 siyasəti kontekstində qeyri-infeksion xəstəliklərin qarşısının alınması və onlarla mübarizə üzrə Aşqabad bəyannaməsi” qəbul olunmuş və ölkədə bu istiqamətdə milli səviyyəli strategiyaların və tədbirlər planlarının hazırlanması və tətbiqi zərurəti bir daha vurğulanmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya (bundan sonra – Strategiya) hazırlanmışdır.

 

  1. Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə bağlı vəziyyət

Son 10 ildə ölkəmizdə qan dövranı sistemi xəstəlikləri 5%, tənəffüs üzvlərinin xəstəlikləri 11%, endokrin sistemi xəstəlikləri 2,5 dəfə, o cümlədən şəkərli diabet 3,7 dəfə, sinir sistemi xəstəlikləri 15%, bədxassəli yenitörəmələr 30% artmışdır. Qeyd olunan müddət ərzində dünya üzrə QİX ilə xəstələnmə halları təxminən 14% artmışdır.

Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da xəstələnmə və ölüm hallarının əsas səbəbləri QİX-dir. Xəstələnmənin strukturunda 50%-dən artıq QİX, o cümlədən qan dövranı sistemi xəstəlikləri 17,6%, tənəffüs sistemi xəstəlikləri 15%, endokrin sistemi xəstəlikləri 15%, bədxassəli yenitörəmələr 2,7% təşkil edir. Avropa regionu üzrə isə bu xəstəliklər xəstəlik yükünün 77%-nə bərabərdir.

Ölümün səbəbləri arasında QİX əsas yer tutur. Avropa ölkələrində ölüm hallarının 86%-i, Azərbaycanda isə 79,6%-i yuxarıda göstərilən 4 xəstəlik sinfi üzrə ölümün payına düşür. Birinci yerdə qan dövranı sisteminin xəstəlikləri (59,8%), 2-ci yerdə bədxassəli yenitörəmələr (12,5%), 3-cü yerdə isə tənəffüs orqanlarının xəstəlikləri (2%) durur.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin QİX ilə bağlı apardığı araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Azərbaycanda QİX-in böyük əksəriyyətinin baş verməsi tütündən istifadə, artıq çəki və qeyri-sağlam qidalanma kimi risk amilləri ilə bağlıdır.

Tədqiqatlar göstərir ki, ölkəmizdə kişilərin təxminən 50%-i tütündən istifadə edir, onların əksəriyyətində (93%-də) belə istifadə gündəlik xarakter daşıyır, böyüklərin 14,3%-i spirtli içkilərdən mütəmadi istifadə edir. Avropa regionunda isə bu göstəricilər müvafiq olaraq 29% və 20% təşkil edir.

Yaşı 18-dən yuxarı olan əhali arasında artıq çəki və piylənmə müvafiq olaraq 35,8% və 21,9% təşkil edir. Piylənmədən kişilərə nisbətən daha çox qadınlar əziyyət çəkirlər (müvafiq olaraq 16,4% və 27,2%). Bu risk amilinin yayılması 1980-2008-ci illər arasında dünya üzrə iki dəfə artmışdır. Son hesablamalara görə, Avropa regionunda əhalinin 50%-i artıq çəkidən, kişilərin 20%-i və qadınların 23%-i isə piylənmədən əziyyət çəkir.

Tədqiqatların nəticələrinə görə, Azərbaycanda əhalinin yalnız 6,4%-i məqsədli şəkildə idmanla məşğul olur.

Azərbaycan zəngin tərəvəz və meyvə məhsulları ilə məşhur olsa da, əhalinin 40%-dən çoxu bu məhsullardan gündəlik istifadə etmir. Yaş qrupları, cinslər arasında ciddi fərq olmadan əhalinin əksəriyyəti (84,9%-i) gün ərzində ÜST tərəfindən tövsiyə edilən miqdardan az meyvə-tərəvəz istifadə etdiyini bildirmişdir. Ev təsərrüfatlarının yarıdan çoxunda (54%) doymamış yağlardan istifadə edilir.

Azərbaycanda yaşı 18-dən yuxarı olan şəxslər arasında hipertoniyanın (bütün mərhələləri daxil olmaqla) yayılması 39,4% təşkil etmişdir. Avropa regionunda bu göstərici orta hesabla 40%-dir.

Ölkəmizdə hazırda əhalinin hər 100 min nəfərinə şəkərli diabetdən əziyyət çəkən 2053 nəfər düşdüyü halda, Avropa regionunda bu göstərici 3560 nəfər təşkil edir.

 

  1. Ölkənin sosial-iqtisadi inkişafı baxımından Strategiyanın əsaslandırılması

QİX-in qarşısının alınması və onlara nəzarət problemlərinə insan potensialının inkişafının sosial, iqtisadi və ətraf mühit aspektləri ilə qarşılıqlı əlaqədə baxılmalıdır.

QİX-in və onların risk amillərinin yayılma səviyyəsinin təhsil, iş, gəlir və gender kimi sosial amillərdən bilavasitə asılılığı sübuta yetirilmişdir. Beləliklə, QİX-in yayılmasının qarşısını almaq üçün zəruri tədbirlər insanların sağlamlıqla bağlı davranışlarına təsir edən geniş amillərə – doğulduğu, böyüdüyü, yaşadığı, işlədiyi, yaşa dolduğu şəraitə, eləcə də cəmiyyətə, sosial-iqtisadi amillərə yönəldilməlidir.

QİX ayrı-ayrı fərdlərin və ev təsərrüfatlarının sosial-iqtisadi vəziyyətinə də mənfi təsir göstərir. Qeyri-sağlam davranış, fiziki zəiflik, əlillik, QİX ilə bağlı səhiyyə xidmətlərinə sərf olunan bilavasitə və dolayı xərclər ev təsərrüfatları gəlirlərinin itirilməsinə səbəb olur. Səhiyyə xidmətlərinin QİX ilə bağlı xərcləri çox yüksəkdir və onların davamlı artması gözlənilir.

Dövlət tərəfindən QİX-ə sərf edilən böyük xərclər makroiqtisadiyyata öz mənfi təsirini göstərməklə, yoxsulluğun azaldılması təşəbbüslərinə də mane ola bilər.

Bundan əlavə, QİX və yoxsulluq qapalı dairə yaradır ki, yoxsulluq insanları QİX-lə bağlı davranış risk amillərinin təsirinə məruz qoyur, QİX-in yaranması isə öz növbəsində ailələri yoxsulluğa sürükləyən başlıca qüvvaya çevrilir.

QİX-in uzunsürənliyi və yayılmasında gözlənilən artım onların iqtisadiyyata təsirinin kumulyativ şəkildə güclənməsi ehtimalına əsas verir. İqtisadi təhlillərə əsasən QİX-in yayılmasının hər 10% artımı illik iqtisadi inkişaf göstəricilərinin 0,5% azalması ilə müşahidə olunur.

Qeyd edilməlidir ki, QİX ilə mübarizə tədbirlərinə çox da böyük olmayan həcmdə maliyyə sərf etməklə, QİX epidemiyasının qarşısını almaq mümkündür. Lakin QİX yükünün artmasına səbəb olan sağlamlıqla bağlı problemlərin həlli təkcə səhiyyə sektorunun səyləri nəticəsində mümkün deyildir. QİX-in qarşısının alınması və bu xəstəliklərə nəzarət məsələlərinin hərtərəfli həlli səhiyyə, sosial, kənd təsərrüfatı, maliyyə, ticarət, nəqliyyat, şəhərsalma, təhsil və mədəniyyət kimi bütün müvafiq sahələrin birgə iştirak etdikləri vahid strategiyanın həyata keçirilməsini tələb edir.

QİX-ə qarşı mübarizə üzrə ÜST-nin tövsiyə etdiyi səmərəli tədbirlərin geniş tətbiqi iqtisadi cəhətdən fəal əhali qrupunda vaxtından əvvəl ölüm hallarının azaldılması, əlilliyin və məhsuldarlıq itkisinin qarşısının alınması, həyat keyfiyyətinin yaxşılaşdırılması və insan resurslarının inkişafına dəstək yolu ilə davamlı iqtisadi artımın təmin edilməsi, əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi, səhiyyə sahəsində xidmətlərin keyfiyyətinin yüksəldilməsi və onları əldə etmək üçün bərabər imkanların yaradılması kimi strateji məqsədlərə nail olunmasına töhfə verəcəkdir.

Eyni zamanda, ölkədə QİX ilə səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsi bu xəstəliklərin stasionar müalicəsi üçün xərclənən büdcə vəsaitinə xeyli qənaət etməyə və onu digər zəruri səhiyyə problemlərinə sərf etməyə imkan verəcəkdir

QİX-in qarşısının alınması və onlara nəzarət üzrə tədbirlər “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının insan kapitalının inkişafı sahəsində, əhalinin yüksəkkeyfiyyətli tibbi xidmətlərlə təmin edilməsinə və bu xidmətlərin müxtəlif sosial qruplar, o cümlədən aztəminatlı ailələr və yoxsul vətəndaşlar üçün əlçatanlığı daxil olmaqla, əsas prioritetlərə nail olunmasına da şərait yaradacaqdır. Bu tədbirlər əhalinin sağlamlığının və rifahının daha çox yüksəldilməsi, ictimai səhiyyənin gücləndirilməsi və əhali üçün əhatəli, ədalətli, davamlı və yüksəkkeyfiyyətli səhiyyə sistemlərinin təmin edilməsi məqsədi ilə üst-üstə düşür.

Strategiya Azərbaycanda QİX-in qarşısının alınması və onlara nəzarət üzrə 2015-2020- ci illər üçün ümumiləşdirilmiş və səmərəli tədbirlərə dair rəhbərliyi və ümumi strateji çərçivəni müəyyən edən rəsmi sənəddir. Strategiyanın həyata keçirilməsi QİX ilə bağlı vaxtından əvvəl ölüm hallarının, əhalinin ayrı-ayrı qrupları arasında sağlamlığın qeyri- bərabərliyinin azaldılmasına və xəstəlik yükünün xeyli dərəcədə ixtisarına imkan yaradacaqdır. Bununla bərabər, QİX-in risk amillərinin azaldılması və əhalinin həssas qrupları üçün xüsusi tibbi və sosial qayğı göstərilməsinə imkan verən çoxsahəli yanaşmanı ehtiva edən Strategiya Azərbaycanda insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına və gözlənilən sağlam uzunömürlülüyün artmasına da səbəb olacaqdır. Eləcə da, Strategiyanın tətbiqi məhsuldarlığın artırılmasına, daha səmərəli insan resurslarına, daha sağlam yaşadolmaya, xəstəliklər və sosial ödəmələrlə bağlı xərclərin ixtisarına və fərdi xərclərin azalmasına töhfə verməklə, iqtisadiyyatın davamlı inkişafına dəstək ola bilər.

  1. Strategiyanın məqsədi

Strategiyanın əsas məqsədi Azərbaycanda həyata keçirilən birgə və inteqrasiya olunmuş tədbirlər vasitəsilə əhalinin sağlamlığının yaxşılaşdırılmasına, o cümlədən QİX ilə bağlı vaxtından əvvəl ölüm hallarının mümkün qədər azaldılmasına nail olmaqdır.

  1. Prioritet sahələr

5.0. Strategiyanın prioritet sahələri aşağıdakılardır:

5.0.1. QİX ilə mübarizə üzrə tədbirlərin tənzimlənməsi və davamlı maliyyələşdirmənin təmin edilməsi vasitəsilə QİX-in profilaktikası üzrə strateji idarəetmənin təkmilləşdirilməsi;

5.0.2. səhiyyə sisteminin bütün səviyyələrində QİX-in qarşısının alınması və bu xəstəliklərə nəzarətlə bağlı bərabərlik prinsipinə əsaslanan, əlçatan və keyfiyyətli xidmətlərdən, o cümlədən səmərəli skrininq proqramları, profilaktika, müalicə, reabilitasiya və palliativ qayğıdan istifadə etməklə, əhalinin bu xidmətlərlə hərtərəfli əhatə olunması istiqamətində irəliləyişə nail olunması;

5.0.3. QİX ilə bağlı tədbirlərin monitorinqi və qiymətləndirilməsi daxil olmaqla, QİX-in və onların risk amillərinin qarşısının alınması və həmin xəstəliklərə nəzarət üzrə informasiya sistemlərinin gücləndirilməsi.

 

  1. Hədəflər (2020-ci il üçün, 2014-cü illə müqayisədə)

6.0. Strategiyanın hədəfləri aşağıdakılardır:

6.0.1. tütündən istifadənin 10% azaldılması;

6.0.2. gündəlik duz istehlakının adambaşına 5 qramadək azaldılması;

6.0.3. böyüklər arasında fiziki passivliyin 10%-dək azaldılması;

6.0.4. piylənmənin yayılmasında artımın qarşısının alınması;

6.0.5. şəkərli diabetin yayılmasının artım tempinin azaldılması;

6.0.6. hipertoniya ilə xəstələnmə səviyyəsinin stabilləşdirilməsi və azalma tendensiyasına nail olunması;

6.0.7. ilkin səhiyyə səviyyəsində QİX-in müalicəsi üçün əsas dərman preparatları və diaqnostik texnologiyalarla əhalinin ən azı 90%-nin əhatə olunması.

  1. Vəzifələr

7.0. Strategiyanın hədəflərinə nail olmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:

7.0.1. QİX-in qarşısının alınması və onlara nəzarət üzrə birgə tədbirlərin həyata keçirilməsi və əlaqələndirilməsi üçün səmərəli sahələrarası əməkdaşlıq mexanizminin yaradılması

QİX-in yaranmasının şərtləndirici amillərinin əksəriyyəti səhiyyə sahəsi ilə bağlı olmadığından bu xəstəliklərlə əlaqədar sağlamlıq göstəricilərinə müsbət təsiri təmin etmək üçün sahələrarası məqsədyönlü tədbirlərin həyata keçirilməsi və əlaqələndirilməsi zəruridir. QİX-in qarşısının alınması və onlara nəzarət üçün nəzərdə tutulmuş büdcə vəsaitindən səmərəli istifadə baxımından da bütün aidiyyəti dövlət orqanlarının planlaşdırma, rəhbərlik, nəzarət və dövlət siyasətinin qiymətləndirilməsi prosesinə cəlb edilməsi ilə yüksəksəviyyəli çoxsahəli mexanizmin yaradılması vacibdir.

7.0.2. QİX-in risk amillərinin (tütündən istifadə, spirtli içkilərdən sui-istifadə, qeyri- sağlam qidalanma, fiziki passivlik) azaldılması üçün bərabərlik prinsipinə əsaslanan səmərəli tədbirlərin həyata keçirilməsi

QİX-in risk amillərinin azaldılması üçün görülən işlərin məqsədi hər kəs üçün sağlam olmaq imkanlarının təmin edilməsi və əhali arasında sağlamlığın qeyri-bərabərliyinin azaldılmasıdır. Buraya çoxsahəli tədbirlər, o cümlədən dövlət səviyyəsində tədbirlərin hazırlanması, ictimaiyyətin səfərbərliyi, ətraf mühitlə bağlı tədbirlər, səhiyyə sisteminin təşkili və xidmətlərin göstərilməsi, qanunvericilik və tənzimləmə üzrə proqramlar daxildir.

Strategiya kənd təsərrüfatı, maliyyə, ticarət, nəqliyyat, şəhərsalma, təhsil və idman kimi bir çox sahələrdən həm dövlət, həm də qeyri-dövlət tərəfdaşların (tütün sənayesi istisna olmaqla) cəlb edilməsini tələb edir.

 

7.0.3. QİX-in qarşısının alınması və onlara nəzarətin yaxşılaşdırılması üçün inteqrasiya olunmuş tibbi xidmətlərin, o cümlədən ilkin profilaktika, skrininq və erkən aşkarlanma, müalicə, reabilitasiya tədbirlərinin və palliativ qayğının gücləndirilməsi

QİX-ə qarşı mübarizənin həyata keçirilməsi üzrə Strategiya, səmərəli profilaktik (ilkin profilaktika, skrininq və yüksək risk qruplarına aid əhali arasında QİX-in erkən aşkarlanması), müalicə, reabilitasiya xidmətlərinin və palliativ xidmətlərin göstərilməsini təmin edir. Yaxşı idarə edilən inteqrasiya olunmuş QİX ilə mübarizə sahəsində xidmətlər səhiyyə sisteminin hər bir səviyyəsində bütün əhaliyə əlverişli, əlçatan və bərabərlik prinsipinə əsaslanan səhiyyə xidmətlərinin göstərilməsini və xəstələnmənin, əlilliyin, vaxtından əvvəl ölümün azaldılmasını təmin edir. QİX üzrə inteqrasiya olunmuş Strategiyanın həyata keçirilməsi, QİX-in uzunsürənliyinə və belə xəstəliklərə nəzarətə xüsusi diqqət yetirməklə səhiyyə sisteminin bütün səviyyələrində tibbi xidmətlərin gücləndirilməsi və əhalinin bu xidmətlərlə hərtərəfli əhatə edilməsinin yaxşılaşdırılması pasiyentlərin sağlamlıq hüquqlarını təmin edir. Büdcə vəsaiti bütün tibb müəssisələrinə QİX-in qarşısının alınması Strategiyasına uyğun olaraq bölünməlidir.

7.0.4. Gender və sosial amillər nəzərə alınmaqla, QİX-in azaldılması, onlara nəzarət üçün informasiya imkanlarının təkmilləşdirilməsi və tədqiqatların dəstəklənməsi

Mükəmməl fəaliyyət göstərən səhiyyə informasiya sistemi aparılan siyasətin səmərəliliyinin və proqramların təsirinin qiymətləndirilməsi, QİX-in və onların əsas risk amillərinin dinamikasının izlənilməsi üçün zəruri vasitələri təmin etməklə, bu xəstəliklərə qarşı mübarizəyə yönəldilmiş tədbirlərin həyata keçirilməsi prosesini gücləndirir. Bu sahədə aparılan tədqiqatlar QİX-in qarşısının alınması və onlara nəzarət üçün gender, yaş və digər sosial amillərə əsaslanan siyasətin gücləndirilməsi üzrə ən düzgün qərarların qəbul olunmasına imkan yaradır. Belə bir informasiya sisteminin əsasının qoyulması və fəaliyyətinin təmin edilməsi üçün ictimai səhiyyə sahəsində aparılan tədqiqatlara kifayət qədər maliyyə vəsaiti ayrılmalıdır.

7.0.5. Monitorinq və qiymətləndirmə sisteminin yaradılması

Strategiyanın vəzifələrinin icrasının qiymətləndirilməsi üçün proses və nəticə indikatorları müəyyən edilməlidir. Burada Strategiyanın qarşısında qoyulan hədəflər əsas götürülməli, zəruri göstəricilər üzrə mütəmadi monitorinq həyata keçirilməlidir. Monitorinq və qiymətləndirmə sistemi Strategiyanın icrasının qiymətləndirilməsi, problemlərin aşkar edilməsi, aradan qaldırılması və müvafiq tədbirlərin həyata keçirilməsi üçün lazım olan məlumatları təmin etməlidir.

  1. Strategiyanın həyata keçirilməsi

Bu Strategiyanın icrası üzrə əsas fəaliyyət istiqamətləri həm səhiyyə sisteminin, həm də digər aidiyyəti dövlət qurumlarının hazırlığı nəzərə alınaraq, islahatların məqsədini və strateji istiqamətlərini, onların reallaşdırılması üçün keçiriləcək tədbirləri, icraya məsul dövlət orqanlarını, eləcə də icra müddətlərini müəyyən edir.

Strategiyanın icrasının gedişi barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ildə iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim edəcəkdir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun