AZƏRBAYCAN RESPUBLİKASININ SƏHİYYƏ NAZİRLİYİ
ƏMR
No_36
Bakı şəhəri 26.04.2018 il
“Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin müəssisələrində yanğın
təhlükəsizliyi və elektrik enerjisindən
təhlükəsiz istifadə edilməsi tədbirləri
barədə”
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrində yanğın təhlükəsizliyi məsələləri daim diqqət mərkəzində olmasına baxmayaraq, bir sıra obyektlərdə bu sahədə olan nöqsan və çatışmazlıqlar qalmaqdadır.
Tibb müəssisələrinin rəhbər işçilərinin iştirakı ilə cari ilin mart ayında keçirilmiş müşavirələrdə yanğın təhlükəsizliyi və elektrik enerjisindən təhlükəsiz istifadə edilməsi istiqamətində verilmiş tapşırıqlar da tam icra olunmamışdır.
Belə ki, bu müəssisələrdə ilkin yanğınsöndürən balonlar, cihaz və avadanlıqlarla normaya uyğun tam təchiz edilməməsi, mövcud yanğınsöndürən balonların istismar müddətinin keçməsi, obyektlərin yanar konstruksiyalarının odadavamlı məhlulla hopdurulmaması, yanğınxəbərdaredici siqnalizasiyasının, eləcə də daxili yanğın su kranlarının və yanğına qarşı su mənbələrinin (su hovuzlarının) nasaz vəziyyətdə olması, yanğına qarşı cavabdeh şəxslərin təyin olunmaması, təxliyə planlarının lazımi səviyyədə tərtib edilməməsi, kabel və elektrik naqillərinin izolyasiyasının gərginliyə qarşı müqavimətinin yoxlanmaması və digər yanğın təhlükəsizliyi qaydalarının pozulması halları aşkar edilmişdir.
Qeyd olunanları nəzərə alaraq tibb müəssisələrində yanğın təhlükəsizliyi tədbir inin gücləndirilməsi məqsədilə “Azerbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqinda Əsasnamə”nin 14.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
- Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəssisələrində yanğın təhlükəsizliyi və elektrik enerjisindən təhlükəsiz istifadə edilməsinin təmin edilməsi üzrə bu əmrə əlavədə göstərilən tərkibdə komissiya yaradılsın.
- Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrin rəhbərlərinə tapşırılsın
2.1.rəhbərlik etdikləri idarə və müəssisələrdə yanğın təhlükəsizliyi məsələləri şəxsi nəzarətə götürülsün və bu sahədə cavabdeh şəxslər təyin edilsin;
2.2. yanğın təhlükəsizliyi məsələlərinin operativ həlli və həyata keçirilən tədbirlərin əlaqələndirilməsi məqsədilə xüsusi qruplar yaradılsın;
2.3. regional dövlət yanğın nəzarəti xidməti ilə birgə 2018-2019-cu illər üçün tibb müəssisələrində yanğın təhlükəsizliyi sahəsində tədbirlər planı hazırlanaraq təsdiq edilsin və icrası təmin olunsun;
2.4. təxliyə planlarının hazırlanması, təsdiq edilməsi və görünən yerlərdən asılması təmin edilsin;
2.5. yanğın təhlükəsizliyi sahəsində görülən işlər barədə bu əmrə əlavə olunan cədvələ uyğun olaraq bir ay müddətində Səhiyyə Nazirliyinə məlumat təqdim edilsin.
- Maliyyə-iqtisadiyyat şöbəsinin müdiri Azad Vəliyevə tapşırılsın ki, Səhiyyə Nazirliyinin tabeliyində olan və Bakı şəhərində yerləşən səhiyyə müəssisələrinin ilkin yanğınsöndürmə vasitələri ilə təchiz edilməsi üçün tələb olunan maliyyə vəsaitinin ayrılması üçün zəruri tədbirlər görülsün.
- Bu əmrin birinci hissəsi ilə yaradılmış Komissiyaya tapşırılsın ki, tibb müəssisələrində yanğın təhlükəsizliyi və elektrik enerjisindən təhlükəsiz istifadə edilməsi məsələləri mütəmadi olaraq yoxlanılması həyata keçirilsin, müəssisələrin cavabdeh şəxslərinin və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti İdarəsi mütəxəssislərinin iştirakı ilə yanğın təhlükəsizliyi sahəsində təlimlərin keçirilməsi təmin edilsin.
- Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 03.03.2016-cı il tarixli 15 nömrəli əmrinin 1-4-cü hissələri ləğv edilsin 6. Əmrin icrasına nəzarət nazir müavini Elsevər Ağayevə həvalə edilsin.
Nazir Oqtay Şirəliyev
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 26.04.2018 tarixli 36 nömrəli əmri ilə təsdiq edilmişdir. Səhiyyə Nazirliyinin yanğın təhlükəsizliyi üzrə
KOMİSSİYASI
Əli Abbasov – Səhiyyə obyektləri şəbəkəsinin inkişafının planlaşdırma şöbəsinin müdiri, sədr
Xəyyam Mahmudov – Səhiyyə obyektləri şəbəkəsinin inkişafının planlaşdırma şöbəsinin məsləhətçisi
Cahangir Şıxlinski – Səhiyyə Nazirliyinin II şöbəsinin məsləhətçisi
Rasim Manafov – Bakı Şəhər Baş Səhiyyə İdarəsinin baş mühasibin müavini
Solmaz İmanova – Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” MMC-nin əməyin mühafizəsi üzrə mühəndisi
Mübariz Verdiyev – Səhiyyə işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin baş texniki əmək müfəttişi