Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin dəstəyi ilə Bakı şəhərindəki 9 nömrəli tam orta ümumtəhsil məktəbində “İİV-ə qarşı mübarizədə valideynlərin rolu” mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbirdə 60-dan artıq şagirdin valideyni iştirak edib.
Tədbir çərçivəsində sağlamlıq üçün ciddi təhlükə yaradan İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) barədə ətraflı məlumat təqdim olunub. RQMM-nin mütəxəssisi Günel Babayeva tərəfindən virusun diaqnostikası, müalicə prinsipləri və profilaktik tədbirlərlə bağlı təqdimat böyük maraqla qarşılanıb. Eyni zamanda, məktəblilərin sağlam həyat tərzinə təşviqi və zərərli vərdişlərdən uzaq olmaları istiqamətində mühüm tövsiyələr səsləndirilib.
Tədbir zamanı valideynləri maraqlandıran suallar geniş şəkildə cavablandırılıb, virusun ötürülmə yolları, müayinə və müalicə imkanları ilə bağlı məsələlərə aydınlıq gətirilib.
Çıxış edənlər valideynlərin İİV/QİÇS-lə bağlı məlumatlılıq səviyyəsinin artırılmasının vacibliyini xüsusi vurğulayaraq, bu cür maarifləndirici tədbirlərin davamlı əsasda təşkilinin əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, valideynlərin bilikli və məlumatlı olması uşaqların sağlam və təhlükəsiz mühitdə böyüməsində mühüm rol oynayır.
Tədbirin sonunda iştirakçılara İİV/QİÇS mövzusunda maarifləndirici materiallar – bukletlər, broşürlər və məlumat vərəqləri təqdim olunub.
