Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü, Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin dəstəyi ilə Neftçala şəhərindəki orta məktəblərin şagirdləri üçün “Sağlam gənclik – sağlam gələcək” adlı maarifləndirmə aksiyaları keçirilib. Tədbirlərdə Neftçala şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın, şəhərdəki 1, 2, 3, 4 nömrəli tam orta məktəblərin müəllim və şagirdləri iştirak ediblər.
Aksiyalarda məktəblilərə sağlam həyat tərzi təbliğ olunub, zərərli vərdişlərdən uzaq olmaları tövsiyyə edilib.
Tədbirlərdə şagirdlərə sağlamlığa ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında məlumat verilib. Təcrübəli həkim Telman Məhərrəmov xəstəlik və virusun diaqnostikası, müalicəsi və profilaktikası ilə bağlı təqdimatla çıxış edib.
Şagirdləri maraqlandıran suallar cavablandırılıb, onlara İİV-lə bağlı zəruri məlumatların əks olunduğu bukletlər, broşurlar paylanıb.
